Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu

Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu Qədim Gəncə ərazisinin tarixən müəyyənləşmiş ərazi və landşaftının qorunması, onun fərdi simasının saxlanması, bərpası məqsədilə yaradılmışdır. Qoruq Azərbaycan SSR Nazirlər Sovetinin “Qədim Gəncə ərazisinin Tarix – Mədəniyyət Qoruğu elan edilməsi haqqında” 18 aprel 1988-ci il tarixli 136 №li qərarına əsasən elmi – tədqiqat müəssisisəsi kimi təşkil olunmuşdur.

Qoruq – mədəniyyət və turizmin inkişafı üçün böyük əhəmiyyəti olan tarix, mədəniyyət, memarlıq, arxeoloji, epiqrafik, antropoloji abidələrin, tarixi hadisə və şəxsiyyətlərlə bağlı olan xatirə yerlərinin və onların əşyalarının yerləşdiyi dövlət tərəfindən mühafizə edilən ərazidir. Qoruq ərazisində yerləşən elmi, tarix və yaxud bədii əhəmiyyət kəsb edən bütün tarix – mədəniyyət abidələri dövlət tərəfindən qorunur.

Qoruq 1988-ci ildə yaradılsa da fəaliyyətə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin əmri ilə 1989-cu il 23 yanvarından başlamışdır.

Gəncə Dövlət Tarix – Mədəniyyət Qoruğunda; rəhbər heyət, fond şöbəsi, elmi-tədqiqat şöbəsi, kütləvi ekskursiya şöbəsi və texniki heyət fəaliyyət göstərir.

Qoruğun nəzdində arxeoloji qazıntılar və kəşfiyyat xarakterli axtarışlar zamanı qoruq ərazisindən aşkar edilmiş, eyni zamanda əhalidən əvəzsiz olaraq toplanmış Gəncə sənətkarlarının hazırladığı özünəməxsus naxışları, yazıları və ustaların möhürləri olan saxsı, küp, ayrı-ayrı qab nümunələri və fayans qab nümunələrindən, mis pullardan, mis və saxsı məişət əşyaları, tirmə parça və s. məişət əşyalarından ibarət fond muzeyi təşkil olunmuşdur. Bu muzeydə Gəncənin orta əsr sənətkarlığını əks etdirən 300-dən çox eksponat toplanmışdır.

IV qrup dərəcəsi ilə fəaliyyətə başlayan Gəncə Dövlət Tarix – Mədəniyyət Qoruğunun Azərbaycanın qədim tarixinin, tarix və mədəniyyət abidələrini qorunmasında, onların təbliğində aparılan kütləvi iş fəaliyyəti Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəyərləndirilmiş və buna görə də 1990-cı ildə III, 1997-ci ildə II, 2002-ci ildə isə I qrup dərəcəsinə layiq görülmüşdür.

Gəncə Dövlət Tarix – Mədəniyyət Qoruğunun ofis binası olmadığı üçün 2014-cü il tarixdən Gəncə Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksində fəaliyyət göstərir.