Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Kəlbəcər rayon Tarix-Diyarşünaslıq Muzeyi

Kəlbəcər rayon Tarix-Diyarşünaslıq muzeyi 1982-ci ildə Kəlbəcər şəhərində faliyyətə başlamışdır. Muzey zəngin bir dəhlizdən, 3 kabinetdən, 9 nümayiş salonundan və içərisində 25 mindən çox eksponat olan fonddan ibarət idi.

Kəlbəcər Tarix-Diyarşünaslıq muzeyinin həyəti 900 kv.m-dən artıq idi. Burada ağac və bitki nümunələri, daşdan qəbirüstü qoç və at fiqurları, nəhəng bəzir daşları, qazıntı nəticəsində tapılmış çoxlu əşyalar ilk baxışdan tamaşaçıların diqqətini özünə cəlb edirdi.

Muzeyin bayır divarlarını 2 mindən artıq rəng çalarları olan daşlar bəzəyirdi. Kəlbəcər rayonunda olan 79 növ mineral, 36 növ suxur daşlarının nümunələri muzeydə toplanmışdı və nümayiş olunurdu.

Kəlbəcər rayonu ərazisində 4 mindən artıq bitki növləri var idi ki, onlardan 200-ü dərman bitkiləridir. Onların hamısının növləri qurudulmuş şəkildə muzeydə saxlanılırdı.

100-lərlə xalça və xalça məmulatları, qədimi mis qablar (kasa, cam, bölmə, dövrə, sini, məcməyi, sərnic, badya, ağızlıq, sətil, tava, somavar, abğərdən, aşsüzən və s.), qədimi silahlar (qəmə, xəncər, qılınc, gorda, yay-ox, barıt qabı, qara tüfəng), gümüş toqqalar və pullar, foto şəkillər, adət-ənənələrimizi nümayiş etdirən əşyalar, görkəmli şəxsiyyətlərin lentinə yazılmış səsləri (S.Vurğun, ak. M.Qaşqay, S.Rəhimov, Ə.Vəliyev, X.Məmmədov, Q.Qasımzadə, Q.Xəlilov və 500-dən çox başqa tanınmışlar.) və s. muzeyə toplanmışdır.

Kəlbəcər Tarix-Diyarşünaslıq muzeyi hal-hazırda Bakı şəhəri, Binəqədi rayonu Mehtabat qəsəbəsi Qarant yaşayış massivi bina 1, mənzil 6-da fəaliyyət göstərir.

İndi muzeydə 6000 eksponat var ki, onların əsasını fotoşəkillər, xalçalar, farmaşlar, xurcunlar, duz torbaları, mis qablar, rəngbərəng kəsilib cilalanmış daşlar, tikmələr, küplər, qədim pullar, taxta üzərində yandırma üsulu ilə çəkilmiş portretlər, adət-ənələrimizi əks etdirən boya ilə çəkilmiş şəkillər, ağac nümunələri, bitki növləri, kitablar və s. təşkil edir. Kəlbəcər adət-ənələrimizi əks etdirən gildən düzəldilmiş fiqurlar, qədimi pullar, Kəlbəcər toylarının lent yazıları muzeyin qiymətli eksponatlarındandır.

Kəlbəcərdə çıxan rayon qəzetinin nüsxələri, Kəlbəcərin 100 yaşlı qocalarının, mədəniyyət işçilərinin, şəhidlərin, kəlbəcərlilərə aid olan çox qiymətli fotoşəkillər əvəzolunmazdır.

 

40.9 KB